Konqresin məqsədi

Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı min illər boyu məskunlaşdığı coğrafiyada milli və bəşəri ideyalar çərçivəsində digər xalqlarla sülh və əminamanlıq şəraitində yaşamağı üstün tutmuşdur. Xalqımız heç vaxt başqa xalqların mədəniyyətinə, onların milli mənsubluğuna göz dikməmiş, öz milli mədəniyyətinə xas keyfiyyətlərin qorunub yaşadılmasında maraqlı olmuşdur. Lakin bununla belə, həm orta əsrlərin, həm də yeni dövrün müharibələrlə zəngin olan çağlarında azərbaycanlılar da bölgənin digər xalqları kimi əziyyətlərə, məşəqqətlərə məruz qalmış, yaradılmış sənət əsərləri, memarlıq abidələri dağıdılmış, dövrünün tanınmış elm və sənət adamları ya öldürülmüş, ya da məmləkətlərindən didərgin salınmışlar. XIX əsrin birinci yarısında Rusiya imperiyası tərəfindən işğal olunan Azərbaycan torpaqları o dövrə qədər yaşanmış hadisələrin ən qanlı cinayətləri nəticəsində  parçalanmış, böyük dövlətlərin etnik dəyişiklik siyasəti çərçivəsində tarixi yurd yerlərindən qovulmuş azərbaycanlılar qaçqın həyatı sürmək məcburiyyətində qalmış, onların el-obalarında isə məqsədli şəkildə ermənilər yerləşdirilmişdir.

Deportasiya taleyini yaşayan azərbaycanlılar 1905-1907, 1918-1920-ci illərdə, eləcə də sovet hakimiyyəti dövründə (1920-1991-ci illər) zorla vətənlərindən uzaqlaşdırılmışlar. Eyni hadisələr zəminində tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Respublikası və bu dövlətin həyata keçirdiyi anti-Azərbaycan siyasəti Azərbaycan xalqının köksünə dərin yaralar vurmuşdur. Bütün bunların tədqiq olunması, azərbaycanlıların tarixi haqlarının bərpa edilməsi bu gün özünü “sosial ədalət dünyası” adlandıran dünya birliyinin üzvləri tərəfindən dəstəklənməlidir. Bu kontekstdə “Qərbi Azərbaycana qayıdış” adlı elmi konqresdə əsas starategiya indiki Ermənistan Respublikasının inzibati sərhədləri daxilindəki Qərbi Azərbaycanda yerləşən, lakin dağıdılmış mədəni irsə qarşı vandalizm münasibətinin, Ermənistan Respublikasının dövlət səviyyəsində həyata keçirdiyi etnomədəni siyasətin qurbanı olmuş yer adlarımızın – toponimlərin, oykonimlərin, hidronimlərin dəyişikliyə məruz qalmasının tarixi faktlara söykənərək elmi əsaslarla təsdiqindən və dünya elmi ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

“Qərbi Azərbaycana qayıdış” adlı elmi konqresin mühüm məqsədlərindən biri tarixi ədalətin bərpa edilməsi yolunda müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olan və yurd-yuvasından didərgin, qaçqın düşmüş Azərbaycan türklərinin tarixi haqlarının bərpasına istiqamətlənmiş siyasəti elmi əsaslarla həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə gündəmə gətirmək, eyni zamanda ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin qardaş Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçıların ideya birliyinə nail olmaq, onların Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.