Konqresin Əsasnaməsi

 

  1. Ümumi müddəalar

 

1. “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivalı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilir.

2. Bu Əsasnamə konqres-festivalın keçirilmə müddəti və qaydalarını müəyyən edir.

 

  1. Konqres-festivalın məqsədi

           Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və uğurlu diplomatiyası sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük uğurlar əldə edilib, azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılıb. Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı Prezident İlham Əliyev dövlətimizin milli maraqlarına və azərbaycançılıq təliminə sadiq qalaraq Azərbaycan torpaqlarının tarixinə və mədəniyyətinə sahib çıxılmasının önəmini hər zaman vurğulayıb, Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunu bütün beynəlxalq kürsülərdən bəyan edib.

2020-ci ildə Azərbaycan Prezidentinin siyasi iradəsi,  diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərzində düşməndən azad edildi. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu şanlı Zəfər tariximizə yeni bir salnaməni həkk etdi. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaradıb. Azərbaycanın ağrılı problemlərindən olan Qarabağ məsələsi birdəfəlik həll edildi. Hazırda Azərbaycanın yeganə problemi Qərbi Azərbaycan torpaqlarının həqiqi sahiblərinə geri qaytarılması, vaxtilə bu torpaqlarda yaşamış Azərbaycan əhalisinin hüquqlarının bərpa olunmasıdır. İllərlə həsrətlə gözlədiyimiz böyük tarixi qayıdış reallığa çevirildi. Ölkə rəhbərinin də qeyd etdiyi kimi: “Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir.”

           Qələbəmizdən doğan tarixi reallıqların nəticəsidir ki, qarşıda soydaşlarımızı Qərbi Azərbaycana böyük qayıdış gözləyir. Bu hədəfi Prezident cənab İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində belə bəyan etdi. “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.” Prezident İlham Əliyev soydaşlarımızın Qərbi Azərbaycana qayıdacaqları ilə bağlı hədəfi bəyan edərkən azərbaycanlıların xarakterində olan çox mühüm bir amilə –   xalqımızın tarixi yaddaşına istinad edib. Müqayisə aparan dövlətimizin başçısı bildirib: “Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”.

 

  1. Konqres-festivalın iştirakçıları

Konqres-festivalda elm adamlarının, tədqiqatçıların, ölkəmizin müxtəlif bölgələrində yaşayan və əslən Qərbi Azərbaycandan olan vətəndaşların, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbələrinin, Qərbi Azərbaycandan olan muxtar respublika sakinlərinin, Qərbi Azərbaycandan olan və xarici ölkələrdə yaşayan vətəndaşların və eləcə də qardaş Türkiyə universitetləri heyətinin təmsil olunması nəzərdə tutulur.

  1. Konqres-festivalın keçirilmə vaxtı

           Konqres-festivalın hər il və ya iki ildən bir keçirilməsi nəzərdə tutulur.

 

  1. Festivalın keçirilmə yeri

          Konqres-festival Naxçıvan Muxtar Respublikasında keçiriləcəkdir.

 

  1. Konqres-festivaldan gözlənilən nəticələr

1. Qərbi Azərbaycanda ermənilərin və onlara havadarlıq edənlərin xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti, milli faciə və vandalizm faktları geniş şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırılacaq.

2. Ermənilərin doğma torpaqlarımızda yerləşdirilmələri, azərbaycanlıların planlı surətdə doğma yurdlarından qovulması ilə bağlı tarixi faktlara söykənilərək yeni dolğun məlumatlar üzə çıxarılacaq.

3. Qərbi Azərbaycana məxsus yeni tarixi faktlar, maddi mədəniyyət nümunələri nümayiş olunacaq.

4. Qərbi Azərbaycandan olan və muxtar respublikada yaşayan sakinlər bir araya gələcək, görüşlər keçiriləcək.

5. Ali Baş Komandanın dediyi, - “Bizi Qərbi Azərbaycana böyük qayıdış gözləyir”, - hədəfi istiqamətində muxtar respublikanın bütün sakinləri öz birlik və əminliyini ifadə edəcək.

6. Çadır mədəniyyətinin çadır arxitekturası ilə birlikdə bəşər sivilizasiyasının inkişafında mühüm rol oynaması ciddi elmi faktlarla təsdiqlənəcək.

7. Folklor nümunələrinin geniş şəklidə təbliği və yaşadılmasına və yaylaq mədəniyyətinin nümayişinə mühüm töhfə olacaq.